Yevlaxda "8 Noyabr Zəfər Günü - siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” mövzusunda konfrans keçirilib
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və YAP Yevlax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup Şəhid ailəsinin və Vətən müharibəsi qazilərinin iştirakı ilə "8 Noyabr Zəfər Günü - siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin, Gənclər Evi Sosial Xidmət müəssisəsinin, Gənclərin Karyera və İnkişaf mərkəzinin Yevlax nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Tədbir Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb və sonra “Zəfər yürüşü” adlı videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli müzəffər Azərbaycan Ordusunun gücü və cənab Ali Baş Komandanın qətiyyəti nəticəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu, doğma torpaqlarımızın düşmən əsarətindən azad edilərək, tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırıb.
YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbə qazanmasının tariximizin ən qürurverici səhifəsi olduğunu bildirib.
Çıxış edən Vətən müharibəsi şəhidi polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Vətən müharibəsi şəhidi Emin Kazımovun atası Fərman Kazımov, Vətən müharibəsi qazisi Zülfüqar Zülfüqarlı, əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlova xalqımızın şanlı zəfərinin iştirakçısı olan doğmalarının keçdikləri şanlı döyüş yolundan danışaraq, 44 günlük müharibədə xalq-ordu birliyinin, Cənab Ali Baş Komandanın dəmir yumruğunun bir daha əyani şahidi olduqlarını qeyd ediblər.
Sonda tədbir iştirakçılarına Vətən müharibəsində əldə olunan Zəfərin simvolu olan xarıbülbül nişanları xatirə olaraq təqdim edilib.