“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilib
Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl şəhər Heydər Əliyev Mərkəzində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, rayonun ümumtəhsil məktəb müəllimləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış zamanı dini radikalizmin fəsadları barədə fikirlər səsləndirilib, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin məktəblilərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşması, zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edilib.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.


