Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.02.2022 / Xəbərlər

Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır

Fevralın 25-də  Masallı şəhəri Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonu üzrə qazılığının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı-xalqımızın qan yaddaşı” mövzusunda anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən foto-sərgi ilə tanış olub, Vətən müharibəsi şəhidləri və Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli çıxışında bildirib ki,  insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 30 il keçir. Qeyd edilib ki, illər ötsə də insanlıq əleyhinə olan bu dəhşətli hadisələr heç zaman unudulmayacaq və soyqırımı qurbanlarının əziz xatirəsi daim böyük ehtiramla yad ediləcək.

Masallı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə çıxışında Xocalı faciəsinin xronikasına nəzər salaraq qeyd edib ki, cinayətkar ermənilərin vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər sağlamlığını itirib, 1275 nəfər dinc sakin təhqirlərə məruz qalıb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov çıxış edərək Xocalı faciəsinin acı nəticələrindən, ermənilərin tarixboyu azərbaycanlılara qarşı yeritdikləri soyqırımı siyasətindən danışıb.

Daha bir anım tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin Oğuz şəhər cümə məscidi dini icmasının birgə təşkilatçılığı ilə Oğuz şəhər Cümə məscidində keçirilib. Ağcabədidə keçirilən anım mərasimində Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Mamedov, Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sadiq Əliyev və Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov, dini icma sədrləri, imamlar, imam müavinləri və muzeyin əməkdaşları iştirak ediblər. Füzuli rayonunda keçirilən anım mərasimində Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, Füzuli rayonu Horadiz şəhəri “Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirov, “Mahmudlu-2” kənd məscidi dini icmasının sədri və imamı Sevindik Əsgərli, din xadimləri və ağsaqqallar, Ağstafa Mədəniyyət evində keçirilən anım mərasimində DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı  qeyd olunub ki,  XX  əsrin sonunda baş vermiş  Xocalı faciəsi  təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  Qabaqcadan planlaşdırılmış bu kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib.

Bu mövzuda digər tədbir isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Xocalı faciəsi və ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı qeyd edilib ki, 30-cu ildönümünü yad etdiyimiz Xocalı faciəsi bir xalq və ya millətin məsələsi deyil, bəşəri faciədir. Soyqırımı əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin  törədildiyi bu faciə tariximizin qanla yazılmış səhifəsidir. Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və ordumuzun gücü ilə ölkəmizin  ərazi bütövlüyü bərpa edilib, Xocalı faciəsinin də qisası alınıb.

Saatlı rayonunda keçirilən anım tədbirində DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH-nin nümayəndəsi Mehriban Ağayeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Rayon Təhsil Şöbəsinin müdiri Günay Sultanova, müəllimlər, qazilər və şəhid ailələrinin üzvləri,  Qobustan şəhər 3 saylı tam orta məktəbində keçirilən tədbirdə  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, müəllim və şagirdlər, Lerik rayonunda keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxış edənlər Xocalı qətliamının Ermənistanın doğma Qarabağımızı işğal etmək məqsədi ilə başladığı işğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətinin ən dəhşətlisi olduğunu diqqətə çatdırıblar.  Erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar. Bildirilib ki, ermənilərin 30 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.