Xızı və Şəmkirdə erkən nikahın fəsadları mövzusu müzakirə olunub
Oktyabrın 28-də Xızı Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurunmlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Yeni Yaşma kəndi və Şorabad qəsəbə məktəblərində “Erkən nikahlar və qohum evliliklərinin fəsadları” mövzusunda tədbirlər keçirilib.
Tədbirlərdə İcra Hakimiyyətinin nümayəndəsi Fətullah Əliyev, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, Abşeron–Xızı Regional Təhsil İdarəsi, Rayon Polis Şöbəsi, Yeni Yaşma Ailə Sağlamlıq Mərkəzinin əməkdaşları, hər iki məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şəmkir rayon Çinarlı qəsəbə 2 saylı tam orta məktəbində DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsi, Tovuz–Qazax Regional Təhsil İdarəsi və Şəmkir RİH-nin təşkilatçılığı ilə "Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları" mövzusunda baş tutan tədbirdə isə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Rayon Polis Şöbəsinin əməkdaşı Xəyal Qurbanov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda erkən nikah və qohum evliliklərinin fəsadları, eləcə də hüquqi aspektləri geniş izah olunub. Qeyd edilib ki, yetkinlik yaşına çatmayan fərdlərin nikahı qanun pozuntusudur və bu əsasən də qızların təhsildən yayınması, onların psixologiyası və sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, ümumilikdə ailə institutunu zəiflədir.
Sonda maarifləndirici videoçarx nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb.



