“Vətən Şəhidləri, Siz həmişə bizimləsiz!”
Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə bağlı “Vətən Şəhidləri, Siz həmişə bizimləsiz!” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə rayonun rəsmi şəxsləri, Vətən müharibəsi qaziləri, veteranlar, bölgədə fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı 27 sentyabr 2020-ci il tarixində erməni silahlı birləşmələrinin növbəti təxribatının qarşısının alınması üçün Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq göstərişi ilə həyata keçirilən və 44 gün davam edən “əks həmlə” əməliyyatı ilə torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpa edildiyi vurğulanıb. Xalqın amalı, iradəsi, dini və milli birliyi ilə Vətən müharibəsində yazılan şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğu, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda mübarizədə milli və dini mənsubiyyətindən aslı olmayaraq xalqımızın hər bir fərdinin ölkə Prezidentinin ətrafında “dəmir yumruq” kimi birləşərək igidliklə mübarizə apardığı qeyd edilib. 44 günlük Vətən müharibəsi zamanı qazanılan şanlı tarixi zəfərdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişlərinin, yüksək peşəkarlığa malik rəşadətli Azərbaycan Ordusunun şücaətinin və xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəyliyin önəmi diqqətə çatdırılıb. Vurğulanıb ki, düşmən işğalından azad edilən torpaqlarımızda ermənilər tərəfindən otuz il müddətində yerlə-yeksan edilmiş tarixi, mədəni və dini irsimizin bərpası və insanların doğma ata-baba yurduna yenidən qayıdışının təmin edilməsi üçün davamlı yeni infrastruktur layihələri həyata keçirilir.
Çıxış edənlər Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və Şəhid və qazi ailələrinin sosial müdafiəsinin, layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətimizin prioriet fəaliyyət istiqamətlərindən biri olduğunu bildiriblər, bu sahədə ardıcıl işlərin həyata keçirildiyini vurğulayıblar.



