Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün də yüksək səviyyədədir
Avqustun 3-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün də yüksək səviyyədədir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin nümayəndələri, din xadimləri, partiya veteranları, fəalları və gənclər iştirak ediblər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Sovet dövründəki dinlə bağlı sərt qadağalar, din xadimlərinin repressiyalara məruz qalması, bütün dinlərə aid ibadət ocaqlarının dağıdılması, o cümlədən müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi din sahəsindəki pərakəndəlik dinlə bağlı daha həssas, qətiyyətli, həm də məqsədyönlü siyasətin həyata keçirilməsinə zərurət yaratdı. Məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşdi. Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycanın təməl prinsiplərini Ulu Öndərin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir. Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur. Dini məbədlərin inşası, bərpası və qorunması istiqamətdə Birinci-vitse Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd edən təşkilat sədri Fondun həyata keçirdiyi işlərin təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli çıxış edərək Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.
Tədbir digər iştirakçıların çıxışı ilə davam edib.
