Ucarda narkomaniya ilə mübarizə üçün görülməli olan əsaslı tədbirlər barədə müzakirələr aparılıb
Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayon Polis Şöbəsi və Ucar rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya qarşı birgə mübarizə" mövzusunda tədbir keçirilib.
Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş təlimdə təşkilatçı qurumların əməkdaşları və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, cəmiyyətdə "ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından böyük önəm kəsb edir.
Təlim zamanı "ağ ölüm"ün zərərləri, narkomaniya ilə mübarizə üçün görülməli olan əsaslı tədbirlər barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.




