Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.09.2026 / Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Zəfər yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqdan olan Azərbaycan əsilli, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti sentyabrın 8-də Şuşada olub.

Qonaqlar səfər zamanı Şuşa qalasını, “Yuxarı Gövhər Ağa” və “Aşağı Gövhər Ağa” məscidlərini, Cıdır düzünü, şəhərin mərkəzi meydanında görkəmli Azərbaycan şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərini, habelə Vaqif müzey-məqbərə kompleksini ziyarət ediblər.

Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunması istiqamətində görülən işlər, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarix, mədəniyyət və dini abidələrin bərpası sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələr barədə məlumat verilib.

Bildirilib ki, Şuşada “Yuxarı Gövhər Ağa”, “Aşağı Gövhər Ağa”, “Saatlı”, “Mamayı”, “Çöl Qala” və “Daşaltı” məscidləri ilkin tarixi-memarlıq üslubuna uyğun bərpa olunub. Qarabağ və Şərqi Zəngəzurda davam edən quruculuq işləri çərçivəsində Zəngilan şəhərində, Xocavənd rayonunun Hadrut qəsəbəsində və Ağdərə rayonunun Suqovuşan kəndində yeni məscidlər inşa edilərək istifadəyə verilib. Şuşadakı “Qazançı” kilsəsində isə ilkin orijinal görkəminə uyğun rekonstruksiya işləri aparılıb.

Din xadimləri quruculuq işlərini və bərpa olunan dini, tarixi-mədəni irs nümunələrini əyani müşahidə etmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.