Tovuzda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb
Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Tovuz rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Rəşad Zeynalov bildirib ki, Azərbaycan dövlət-din münasibətlərinin inkişafı baxımından nümunəvi ölkədir. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri modeli cəmiyyətin sağlam inkişafı, milli-mənəvi dəyərlərin qorunması, insanların dini etiqadına olan hörmət və ehtiram baxımından əvəzolunmaz xarakter daşıyır.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşır: “Təəssüf ki, dəyişən dünya nizamında beynəlxalq aləmdə atılan bütün addımlar bəşəriyyətin və cəmiyyətin qorunması, eləcə də müdafiə olunması istiqamətində olsa da, dini ekstremizm, terrorizm təhlükəsi səngimir”. Sədr müavini qeyd edib ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Dini təhlükəsizliyin təminatında dini maarifləndirmənin müstəsna rolu olduğunu diqqətə çatdıran S. Heydərov bildirib ki, maarifləndirmə istənilən bütün neqativ hallara qarşı mübarizədə ən effektiv vasitədir.
Dövlət Komitəsinin sədr müavininin sözlərinə görə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin din sahəsi üzrə olduqca uğurlu, gələcəyə hesablanmış, uzaqgörən siyasəti, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakar əməyi sayəsində Azərbaycanda sınaqdan çıxmış multikulturalizm və tolerantlıq, o cümlədən birgəyaşayış modeli qeyd olunan təhlükəli tendensiyaya qarşı ən effektiv vasitə hesab edilir. Bu isə ictimai-siyasi sabitliyin təminatında, vətəndaşların dini etiqad azadlığının qorunmasında, tolerantlıq ənənələrinin inkişafında, xüsusilə indiki dövrdə, dini zəmində ziddiyyətlərin dövlətlər və xalqlar arasında hərbi qarşıdurmalara transformasiyası şəraitində olduqca əhəmiyyətlidir.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov çıxışlarında dövlətin dinə və din xadimlərinə qayğısından, ölkəmizdəki sabit dini durumdan bəhs ediblər.
Tədbir çərçivəsində kitab sərgisi keçirilib, sənədli film nümayiş olunub.
Qeyd edək ki, konfrans sentyabrın 7 və 8-də davam edəcək.
