Taxtakörpü qəsəbəsində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Laçın rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Taxtakörpü qəsəbəsində “Sülh aylığı” çərçivəsində “Sülh aylığı dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Laçın rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov, idarə və müəssisə nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, sülh hüququ azadlıq, bərabərlik və heç bir ayrı-seçkiliyə yol verilmədən insanların müqəddəs hüququ kimi bəyan edilir. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan milli və dini baxımdan həmişə tolerant ölkə olub, bu gün də ölkəmiz öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini və etnik qruplar burada özlərini yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıblar. Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.