Şuşada Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev ilə görüş keçirilib
İyunun 30-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistan Respublikası Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında son illərdə yüksələn xətt üzrə inkişaf edən münasibətlərin bu sahədə sıx əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkədə milli-mənəvi dəyərlərin qorunması, sağlam dini mühitin təmin olunması, bu sahədə maarifləndirmənin gücləndirilməsi və dövlət-din münasibətlərinin təkmilləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Ramin Məmmədov dini qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasının, habelə müasir dövrün çağırışlarına uyğun institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib. O, Şuşada keçirilən görüşün birgə təşəbbüslərin həyata keçirilməsi baxımından TDT-yə üzv ölkələrin müvafiq qurumları arasında qarşılıqlı fəaliyyətə yeni perspektivlər açacağını bildirib.
Türk dünyasının birliyinə, inkişafına və ölkələrimiz arasında mənəvi bağların gücləndirilməsinə ayırdığı xüsusi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən Sodik Toşboyev bu istiqamətdə həyata keçirilən ardıcıl siyasətin ortaq dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə olduğunu vurğulayıb. Qeyd edib ki, Özbəkistan Azərbaycanla dini sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. O, qarşılıqlı səfərlərin, ekspert və təcrübə mübadiləsinin, həmçinin birgə təşəbbüslərin həyata keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü zamanı imzalanmış Kommünikenin bu prosesə mühüm təkan verəcəyinə inandığını ifadə edib.
Görüşdə birgə maarifləndirici layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.




