Sumqayıtda yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, hərbi hissənin nümayəndəsi Ravil Qəniyev, Sumqayıt şəhər Cümə məscidinin imamı Gülağa İsmayılov, zabit və əsgərlər iştirak ediblər.
Çıxışlarda dini fanatizm və radikalizmin yaranma səbəbləri barədə ətraflı məlumat verilib. Tarixən mövcud olan tolerant və multikultural dəyərlərin güclü olması, dini dözümlülük, sekulyar ənənələrə söykənən Azərbaycan dövlətinin apardığı düzgün siyasəti nəticəsində zərərli cərəyanların cəmiyyətdə möhkəmlənə bilmədiyi də diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.

