Siyəzəndə “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək!” mövzusunda dəyirmi masa təşkil olunub
Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Siyəzən Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının birgə təşkilatçılığı ilə Siyəzən şəhər Mədəniyyət mərkəzində “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək!” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Günel Ağayeva, Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının sədri Samir Baxşıyev, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, Siyəzən şəhəri Mədəniyyət evinin direktoru Ziyada Dadaşova, ziyalılar və gənclər iştirak edib.
Tədbirdə insan şəxsiyyətinin, şüur və davranışının formalaşmasında milli xüsusiyyətlərin, mənsub olduğu xalqın mental dəyərlərinin xüsusi rol oynadığı vurğulanaraq, adət-ənənələrin daima insan münasibətlərinin tənzimləyicisi və istiqamət vericisi olduğu barədə məlumat verilib. Bununla yanaşı, çıxış edənlər insanların ailəyə, Vətənə, əməyə olan insani münasibətini, məhz qarşılıqlı ünsiyyət prosesində həyata keçirilməsinin vacib olduğunu bildiriblər.
Sonda qeyd olunub ki, vətənpərvərlik tərbiyəsinin formalaşması üçün milli-mənəvi dəyərlərimizin əhəmiyyəti və adət-ənənələrimizin unudulmaması istiqamətində təbliğat işlərinin aparılması vacibdir.
Dəyirmi masa qarşılıqlı müzakirələrlə işini yekunlaşdırıb. İştirakçılara DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş maarifləndirici dini ədəbiyyat paylanılıb.

