Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.04.2018 / Xəbərlər

Şirvanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə şəhər 16 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov dövlət-din müasibətləri barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı siyasətin nəticəsində Azərbaycanın dünya dövlətlərinə tolerantlıq nümunəsi olması ilə bağlı fikirlərini dinləyicilər ilə bölüşüb.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov çıxışında ölkəmizdə milli-mənəvi və dini dəyərlərin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu, dini radikalizm, ekstremizm və digər mənfi meyillərin Azərbaycan mədəniyyəti üçün yad olduğunu bildirib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında danışan A.Sadıqov bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.