Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2023 / Xəbərlər

Şirvanda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb

Noyabrın 28-də Şirvanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb.

Tədbirin ilk günündə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DQİDK sədrinin müavini Sahib Nağıyev, Milli Məclisin deputatı İltizam Yusifov, Daxili İşlər Nazirliyinin təmsilçisi Oqtay Tağıyev, YAP Şirvan şəhər təşkilatının sədri Zahid Qəhrəmanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov, eləcə də ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsindəki fəaliyyət istiqamətləri və hədəflərin müasir dövrün çağırışlarına uyğunlaşdırılmasının əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din siyasətinin effektivliyi özünü tam doğruldub, hətta nümunəvi model kimi digər ölkələr tərəfindən yüksək qiymətləndirilib. Bu sayədə ölkəmiz dünyada dinlərarası dialoq, tolerantlıq və multikulturalizmin mövcudluğu ilə müsbət imic formalaşdırıb.

Dünyəvi dövlət prinsiplərinin zəiflədilməsi, ekstremist, radikal və məzhəbçi təbliğat məsələlərinə də toxunan çıxışçılar qeyd ediblər ki, siyasi fəaliyyətin və maraqların həyata keçirilməsində din amilindən istifadə olunması, dini kimliyin milli kimliyə qarşı qoyulması və bu kimi proseslər nəticəsində təzahür edən dinin siyasiləşdirilməsi tendensiyası dövlət maraqları baxımından son dərəcə təhlükəli məsələdir. Buna görə də, dövlətin inkişafı üçün böyük əhəmiyyət kəsb edən milli təhlükəsizliyə təhdidlərin qarşısının alınması, radikalizm və ekstremizmə qarşı birgə mübarizənin aparılması olduqca əhəmiyyətlidir.

Tədbir müzakirələrlə yekunlaşıb.