Səyyad Salahlı: “Ölkəmizdəki tolerantlıq mühiti və mədəniyyəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Göyçayda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən regional konfrans oktyabrın 12-də öz işini davam etdirib.
Din xadimləri, dini icma sədrləri, dindarlar, eləcə də gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı son illərdə milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutmasında Prezident İlham Əliyevin xidmətlərindən, bu istiqamətdə aparılan dövlət-din siyasətindən bəhs edib. Vurğulayıb ki, hazırda ölkədə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənməkdədir. Ölkəmizdəki tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənərək dövlət siyasətinin əsas istiqamətinə çevrilib.
Respublikamızda mövcud olan milli və dini həmrəyliyə də toxunan komitə rəsmisi əlavə edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini radikalizmin, ekstremizmin qarşısının alınması, zərərli vərdişlər, İslamın qadınlara münasibəti mövzularında, milli-mənəvi dəyərlərimizin təbliği, ölkədə və ölkə hüdudlarından kənarda multikulturalizmin, tolerantlığın Azərbaycan modelinin dünyaya çatdırılması istiqamətlərində bir sıra maarifləndirici tədbirlər həyata keçirir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb. Ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği dövlətin əsas siyasi prioritetlərindən biri olub. M.Əfəndiyev həyata keçirilən maarifləndirmə xarakterli bu kimi tədbirlərin İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardım etdiyinə, bu səpkidə keçirilən tədbir və konfransların əhəmiyyətinə diqqət çəkib.
Göyçay Şəhər Ağsaqqallar Şurasının sədri Xəlil Orucov və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Rəsul Kazımov çıxışlarında ölkədə milli-mənəvi dəyərlərin təbliği, gələcək nəsillərə ötürülməsi işinin daha da səmərəli hala gətirilməsi məqsədi ilə keçirilən konfransların vacibliyinə diqqət çəkərək, sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin edilməsi üçün görülən işlərdən söz açıblar.
Konfrans oktyabrın 13-də öz işini davam etdirəcək.