Səyyad Salahlı: "Dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub"
Sentyabrın 7-də Tovuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans öz işini davam etdirib.
Konfransın ikinci günündə DQİDK və Tovuz Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonda fəaliyyət göstərən qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışı zamanı dövlətimiz ilə dini icmalar arasında münasibətlərin yüksək səviyyədə qurulmasını xüsusilə vurğulayaraq qeyd edib ki, ölkə rəhbərliyinin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, mövcud tolerantlıq mühiti daha da inkişaf etdirilir. Bildirib ki, dinə və dindarlara qayğı, dini ibadət yerlərinin tikintisi, təmiri, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpa və yenidənqurulması dövlətimizin bu sahədəki siyasətinin tərkib hissələrindəndir. Sivilizasiyalar, dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması istiqamətində dövlətimizin siyasətinə də toxunan S.Salahlı Azərbaycanın müəllifi olduğu və dünyaya ixrac etdiyi dini dözümlülük modelinə diqqət çəkib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halını almış tolerantlıq və multikultural mühit dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov Azərbaycanda müxtəlif etnoslara və dinlərə aid şəxslərin mehriban qonşuluq şəraitində birgə yaşamasından danışıb. Vurğulayıb ki, cəmiyyətdə mövcud olan dini dözümlülük nümunəsi ölkəmizin öz multikulturalizm və tolerantlıq modelini formalaşdıraraq dünyaya ixrac etməsinə rəvac verib. Rayondakı mövcud dini durum barədə də məlumat verən R.Zeynalov milli-mənəvi dəyərlərimizə yad dini ideologiyaların zərərli təbliğatının qarşısının alınması, Azərbaycandakı tolerantlıq mühitinin qorunub saxlanması istiqamətinidə Komitənin həyata keçirdiyi tədbirləri yüksək dəyərlədirib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi İmkan Tağıyev və Sovet Kazımov adına Qovlar şəhər tam orta məktəbinin müəllimi Ramiz Abbasov Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində görülən işlərdən söhbət açaraq, belə tədbirlərin keçirilməsinin maarifləndirilmə baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Üçgünlük regional konfransın ikinci günü müzakirələrlə yekunlaşıb.