Səyavuş Heydərov: “Dini təhlükəsizlik milli təhlükəsizliyin ən mühüm istiqamətlərindən biridir”
Dekabrın 19-da Şamaxı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, RİH başçısının birinci müavini Hikmət Şikarov, Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, hüquq-mühafizə orqanları, bələdiyyələr, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı RİH başçısının birinci müavini H.Şikarov Azərbaycanın ən qədim mədəniyyət, elm, incəsənət və dini mərkəzlərindən biri olan Şamaxıda onlarla məscid və digər dini ibadət yerinin mövcud olduğunu diqqətə çatdırıb.
Dövlət Komitəsi sədrinin müavini S. Heydərov çıxış edərək bildirib ki, bu gün din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Din təkcə ictimai təfəkkürə deyil, mədəniyyətə, siyasi mövqeyə, insanların mənəvi həyatına ciddi təsir göstərən vasitəyə çevrilməkdədir. S. Heydərov qeyd edib ki, bu baxımdan dini təhlükəsizlik milli təhlükəsizliyin və ya milli dövlət təhlükəsizliyinin ən mühüm istiqamətlərindən biridir: “Yaxın Şərqdə hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Milli təhlükəsizlik təmin edilmədən isə nə ictimai-siyasi sabitlikdən, nə demokratiyanın inkişafından, nə də hüquq və azadlıqların təmin edilməsindən bəhs etmək mümkündür”.
Dövlət Komitəsinin sədr müavini onu da vurğulayıb ki, dini məsələləri mənəvi aspektlə yanaşı, təhlükəsizlik aspektindən də dəyərləndirmək zərurəti yaranmışdır. Dinin mənəvi məzmunundan qoparılaraq siyasiləşdirilməsi bir sıra ölkələr, xüsusilə müsəlman ölkələri üçün dini təhlükəsizliyin təminatı baxımından olduqca təhlükəlidir. “Hazırkı dövrdə milli və qlobal təhlükəsizliyin əsas komponentlərindən birini məhz dini təhlükəsizlik təşkil edir”, - deyə S. Heydərov əlavə edib.
Tədbir müzakirələrlə yekunlaşıb.