Səyavuş Heydərov Bişkekdə “Din və qlobal çağırışlar” adlı V beynəlxalq konfransda iştirak edib
Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov Qırğız Respublikasının Dini İşlər üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bişkekdə keçirilən “Din və qlobal çağırışlar” adlı V beynəlxalq konfransda iştirak edib.
Müxtəlif ölkələrin dövlət qurumlarının nümayəndələri, dini liderlər, dinşünas alimlərin, həmçinin ekspertlərin iştirakı ilə keçirilən tədbirin “Din və cəmiyyət” mövzüsundakı panelində məruzə ilə çıxış edən sədr müavini əvvəlcə diqqəti müasir dövrümüzdə mövcud olan dini radikalizm, ekstremizm, terrorizm, dinin siyasiləşdirilməsi, məzhəbçiliyin qabardılması kimi problemlərə, eləcə də bu problemlərdən doğan qlobal təhlükələrin miqyasına çəkib. Qeyd edib ki, din adından çıxış edən radikal, ekstremist qruplaşmalar, həmçinin dinin siyasiləşməsində, məzhəblər arasında uçurumların yaranmasında maraqlı olan qüvvələr törətdikləri münaqişələr və qarşıdurmalarla bütün dünyada dinlərin sülhpərvərlik missiyasına xələl gətirir, islamofobiyanın, ksenofobiyanın güclənməsinə rəvac verirlər. Bu mənada din adından sui-istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün çıxış yollarının tapılmasına, dinlərin əsl mahiyyətinin öyrənilməsinə və düzgün təbliğ olunmasına hər zamankından daha çox ehtiyac vardır.
Milli təhlükəsizliyin təmin olunması istiqamətindəki mühüm faktorlara toxunan S.Heydərov etnik, dini qruplar arasındakı stereotipləri və sərhədləri, o cümlədən qeyri-bərabərliyi, ədalətsizliyi aradan qaldırmaq gücünə malik elementlərdən birinin təhsil olduğunu deyib.
DQİDK sədrinin müavini, həmçinin qeyd edilən qlobal problemlərin həlli istiqamətində Azərbaycanın fəaliyyətindən də bəhs edib. Bildirib ki, ali dəyərlərdən biri kimi qəbul edilən tolerantlıq Azərbaycan cəmiyyəti üçün birgəyaşayış normasıdır. Ölkəmizdə milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma hallarının olmaması, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, o cümlədən dini münasibətlərin qurulması Azərbaycanı bu sahədə ən yaxşı nümunəyə çevirib.

