Şəmkirdə "Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyətləri" mövzusunda tədbir keçirilib
May ayının 24-də Şəmkir rayon C.Abdıyev adına Zəyəm Cırdaxan kənd məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyətləri" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Şəmkir RPŞ-nin Zəyəm bölməsinin rəisi Qədim Həsənov, Şəmkir rayon prokurorunun müavini Anar Haqverdiyev, kənd icra nümayəndəsi, bələdiyyə sədri, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edən tədbir iştirakçıları mövzunun cəmiyyət üçün aktuallığını vurğulayaraq, dövlətin uşaqların təhsilinə, o cümlədən qızların təhsildən yayındırılması hallarına qarşı ciddi mübarizə apardığını qeyd ediblər. Şəmkir rayon prokurorunun müavini Anar Haqverdiyev və Şəmkir RPŞ-nin Zəyəm bölməsinin rəisi polis polkovnik-leytenantı Qədim Həsənov qızların təhsildən yayındırılmasının erkən nikahla əlaqələndirərək belə hallara qarşı hüquqi tədbirlərin görüldüyünü bildiriblər.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.




