Şəmkirdə keçirilən konfrans işini yekunlaşdırıb
İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəmkirdə “Gənclər arasında dini maarifçilik: ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda keçirilən regional konfrans işini panel sessiyalarla davam etdirib.
Konfransın “Dini maarrifləndirmə işində müasir yanaşmalar və prioritetlər” mövzusundakı panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev moderatorluq edib.
Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə çıxışında gənclər arasında dini radikalizmə qarşı preventiv metodlardan danışaraq, hüquqi və təhlükəsizlik tədbirləri ilə yanaşı, sistemli maarifləndirmə, düzgün dini biliklərin təşviqi və gənclərin tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi yolu ilə neqativ halların qarşısının alınmasının vacib olduğunu deyib. Faiq Əhmədzadə qeyd edib ki, dini radikallaşma prosesinə təsir edən amillər çoxşaxəlidir və sosial, psixoloji, iqtisadi faktorların qarşılıqlı təsiri nəticəsində yaranır.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli bildirib ki, qloballaşma və rəqəmsallaşma dövründə gənclərin milli-mənəvi və dini dəyərlərə bağlılığının qorunması cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biridir. İslam dini elmə, mənəvi kamilliyə, qarşılıqlı hörmətə, tolerantlığa və sağlam həyat tərzinə çağırır. Bu baxımdan, gənclərin informasiyanı doğrultma və saxta məzmunları ayırdetmə qabiliyyətinin gücləndirilməsi, radikal ideologiyalardan uzaq olması xüsusi əhəmiyyət kəsb edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgəsi üzrə qazısı, Qazax rayonu “Cümə” məscidinin imamı İlham Süleymanov dini maarifləndirmə işində müasir yanaşmaların vacibliyini vurğulayıb. Cəmiyyətə, xüsusilə də gənclərə dini biliklərin doğru və etibarlı mənbələr vasitəsilə çatdırılmasının sağlam dini düşüncənin formalaşmasına, radikal və zərərli ideologiyaların təsir imkanlarının azalmasına mühüm töhfə verdiyini deyib.
Konfransın Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun moderatorluğu ilə keçirilən “Gənclər, sosial media və milli-mənəvi dəyərlər” adlı panel sessiyasında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin bütün sahələri kimi dini mühitdə də mühüm dəyişikliklərə səbəb olub. O qeyd edib ki, internet və sosial şəbəkələr dini biliklərin geniş auditoriyaya çatdırılması, maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və dini dəyərlərin təbliği üçün mühüm imkanlar yaratmaqla yanaşı, təhrif olunmuş dini məlumatların yayılması baxımından da risklər formalaşdırır.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev bildirib ki, müasir informasiya cəmiyyətində sosial media gənclərin mühakimə tərzinə, davranış modellərinə və dini-mənəvi baxışlarına təsir göstərən ən mühüm kommunikasiya vasitələrindən birinə çevrilib. O, rəqəmsal platformalarda maarifləndirmə, bilik mübadiləsi və milli-mənəvi dəyərlərin təbliği üçün geniş imkanlar yaradıldığını, bununla yanaşı, nəzarətsiz informasiya axınının, dezinformasiyanın, manipulyativ məzmun və radikal ideyaların sosial media vasitəsilə yayılmasının xüsusilə gənclərin mənəvi dünyagörüşünə mənfi təsir göstərə biləcəyini ifadə edib
Şəmkir şəhər "Cümə" məscidinin imamı Elmar Rzayev çıxışında bəzi hallarda sosial şəbəkələrin dezinformasiyanın, ekstremist çağırışların və cəmiyyətdə parçalanma yaratmağa yönəlmiş təbliğatın yayılması üçün də istifadə olunduğunu diqqətə çatdırıb. Sosial medianın gənclərin dünyagörüşünə bir tərəfdən mədəni yadlaşma və dezinformasiya kimi ciddi təhlükələr yaratdığı, digər tərəfdən isə milli mədəniyyətimizin təbliği baxımından geniş imkanlar açdığı vurğulanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən regional konfransda ilahiyyatçılar, eləcə də Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy rayonlarından olan din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
















