Şəkidə keçirilən “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans yekunlaşıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans sentyabrın 15-də öz işini davam etdirib.
DQİDK, Şəki Şəhər İcra Hakimiyyəti (ŞİH), Şəki Zaqatala Regional Gənclər və İdman idarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun rəsmi şəxslərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Şəki ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirlərinin önəmini vurğulayaraq bu prosesin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, dini fanatizm, radikalizm, xurafat və cəmiyyəti deqredasiyaya uğradan bu kimi digər halların qarşısının alınmasında ən mühüm addımlardan biri ölkənin fərqli regionlarında aparılan maarifləndirmə tədbirləridir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Rəhim Rəhimli əvvəlcə müasir çağırışların fonunda milli-mənəvi dəyərlərimizi qorumağın əhəmiyyətinə diqqəti çəkib. Bildirib ki, milli-mənəvi dəyərlərimizə, dini və etnik mənsubiyyətindən asılı olmayaraq xalqımızı vahid amal ətrafında birləşdirən vətənpərvərlik kimi ideyalara sadiq olmalı, xalqımızın əsrlərboyu qoruyub-saxladığı ənənələrin qloballaşma prosesi ilə qarşı-qarşıya qoyulmasına yol verməməli, əksinə, həmin dəyərlərin daha geniş arealda təbliği üçün fürsət yaratmalıyıq. Ölkənin gələcəyi olan gənc nəslin Vətənə, xalqa, dövlətə bağlılıq ruhunda formalaşmasında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının xüsusi önəm kəsb etdiyini bildirən R.Rəhimli, 44 günlük Vətən müharibəsində müxtəlif dini konfessiyalara məxsus gənclərin Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında vahid amal uğrunda dəmir yumruq kimi birləşdiyini xatırladıb.
Komitə sədrinin köməkçisi dini radikalizm, fanatizm, xurafat kimi zərərli dini təsirlərlə mübarizə məqsədilə görülən işlərə də toxunub. Vurğulayıb ki, bu istiqamətdə dövlət orqanları tərəfindən aparılan qabaqlayıcı tədbirlərlə yanaşı, hər bir vətəndaşın milli maraqların və mənafelərin keşiyində ayıq–sayıq durması, qeyri–ənənəvi dini cərəyanlar, radikal dini qruplaşmaların zərərli təbliğatına qarşı fəal şəkildə mübarizə aparması üçün maarifləndirmə işlərinin miqyasının genişləndirilməsi olduqca əhəmiyyətlidir. O əlavə edib ki, yetişməkdə olan gənclərin yad təsirlərdən qorunması məqsədilə aparılan geniş maarifləndirmə tədbirləri həm də onların vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.
Şəki Zaqatala Regional Gənclər və İdman idarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun nümayəndəsi Səbahət Bağırova və “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri” ictimai birliyi Şəki rayon filialının sədri Məmmədnuru Əzizov mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində görülən işlərdən, belə tədbirlərin keçirilməsinin maarifləndirilmə baxımından mühüm əhəmiyyət daşımasından danışıblar.
Üçgünlük regional konfrans müzakirələrlə yekunlaşıb.