Salyanda “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri” mövzusu müzakirə edilib
Aprelin 27-də Salyan rayon M.Salmanov adına Xurşud kənd ümumi orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Salyan rayon İcra Hakimiyyəti (ŞİH), rayon Təhsil Şöbəsi (RTŞ) və rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Komitənin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, RİH nümayəndəsi Sevinc Səmədova, RTŞ-nin metodist-psixoloqu Şölə Abışova, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, rayon Gİİ-nin əməkdaşı Əlişir Əliyev və məktəbin kollektivi iştirak edib.
Tədbir Vətənimizin suverenliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxışlar zamanı humanist və tolerant gəncliyə sahib olmaq üçün təhsil və təlim-tərbiyənin önəminə toxunulub, uşaqların humanist, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması barəsində danışılıb. Tədbirdə, həmçinin dini fanatizm və radikalizmin humanizmə, milli-mənəvi dəyərlərimizə vurduğu zərərlər vurğulanıb. Eyni zamanda “Yarımçıq təhsil və erkən nikahın fəsadları” və “Erkən nikah və ona qarşı mübarizə yolları” barədə fikirlər səsləndirilib.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

