Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.04.2022 / Xəbərlər

Salyanda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib

Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Salyan Şəhər İcra Hakimiyyəti (ŞİH) və Salyan Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə Salyan rayon E.Ağayev adına Arbatan kənd tam orta məktəbində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan RİH-nin əməkdaşı Sevinc Səmədova, Salyan RTŞ-nin nümayəndəsi Şölə Abışova, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, məktəbin direktoru, eləcə də rayon ümumtəhsil orta məktəblərinin uşaq birliklərinin rəhbərləri, psixoloqlar, məktəblilər və valideynlər iştirak edib.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülsə də, problemlər qalmaqda davam edir. Həmçinin bildirilib ki, gender bərabərliyi öz-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir.

Qeyd olunub ki, bu problemlərin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biridir. Tədbirdə, həmçinin “Məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik” və “Erkən nikah və ona qarşı mübarizə yolları” mövzusunda çıxışlar olub.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.