Şabranda “Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili” mövzusunda ikigünlük seminar-treninq keçirilib
21-22 sentyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili” mövzusunda ikigünlük seminar-treninq keçirilib.
Din xadimləri, dini icma üzvləri və rayon ziyalılarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vasif Əhmədov mövzunun əhəmiyyətindən danışıb. Eyni zamanda natiq rayondakı dini durum barədə ətraflı məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ölkədə mövcud olan dövlət-din münasibətləri, o cümlədən tolerant və multikultural mühitdən danışıb. Sədr müavini qeyd edib ki, Azərbaycan dövlətinin vətəndaşların dini etiqad azadlığını təmin etmək sahəsində həyata keçirdiyi siyasət bu gün öz müsbət bəhrəsini verməkdədir: “Hazırda ölkədə dini durum sabitdir. Respublikamızda dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Bu gün xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə dövlət səviyyəsində qayğı göstərilir”.
Gündüz İsmayılov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində işğal altında olan torpaqlarımızın azad edildiyini və Azərbaycan dövləti, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həmin bölgədəki ziyarətgahlarımızın, dini ibadət yerlərinin bərpa edildiyini və yenidən qurulduğunu diqqətə çatdırıb. Dövlət Komitəsinin sədr müavini bunun ölkə rəhbərliyinin dini-mənəvi dəyərlərimizə hörmət və ehtiramının, diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. Sədr müavini, eyni zamanda çıxışında din və cəmiyyət, dövlət və din münasibətlərinin başlıca istiqamətlərinə toxunub, dövlətin dinə yanaşmasının əsas meyarlarını iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən DQDİK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev dini maarifləndirmə sahəsində görülən işlər barədə məlumat verib.
İkigünlük seminar-treninq işini müzakirələrlə yekunlaşdırıb.