Şabranda “Dini radikalizm: Mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə edilib
Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Gəndob kənd məscidində “Dini radikalizm: mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Hüseynov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Mehman Məmmədov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Çıxışlarda dini radikalizmlə mübarizədə hər bir vətəndaşın, o cümlədən dindarların fəal olması diqqətə çatdırılıb. Bildirilib ki, bu istiqamətdə vətəndaşlar dövlət orqanları ilə birlikdə aktiv iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfələrini verməlidirlər.
Natiqlər dini radikalizmin mənəvi dəyərlərə təhdid olduğunu da diqqətə çatdırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

