Saatlıda zərərli vərdişlər əleyhinə tədbir keçirilib
Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmşli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyəti (RİH) və Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər arasında zərərli vərdişlərə və narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev, müəllimlər və şagirdlər iştrirak ediblər.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların hətta öz yaxınları tərəfindən də qəbul edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb.
Saatlı RİH başçısı Aparatının nümayəndəsi Mehriban Ağayeva ölkəmizdə narkomaniyaya qarşı mübarizəyə çox ciddi önəm verildiyini qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov vurğulayıb ki, bəşəriyyətin ən böyük bəlalarından zərərli vərdişlər bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Bildirib ki, bu təhlükəli təzahürlər insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amillərdir.
Daha sonra çıxış edən Səidə Mehdiyeva və digərləri gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi barədə danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.