Saatlıda “Şuşa - Azərbaycan mədəniyyətinin paytaxtıdır” mövzusunda tədbir keçirilib
Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı rayon Gənclər və İdman İdarəsi, rayon “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Şuşa ili" çərçivəsində “Şuşa - Azərbaycan mədəniyyətinin paytaxtıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov, rayon “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, Saatlı şəhər C.Cabbarlı adına 3 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini tanıtmaq və təbliğ etməyin önəmi vurğulanıb, yetişməkdə olan gənc nəslə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda Prezident cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan olunması barədə Sərəncamının Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət etdiyi nəzərə çatdırılıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
