Saatlıda “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib
Martın 4-də Saatlı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon Təhsil şöbəsi və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonu Orta Muğan kənd tam orta məktəbində “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfrəxanlı, Saatlı rayonu Orta Muğan kənd tam orta məktəbinin direktoru Əfqan Cəfərov, Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov, həmin məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də erkən nikahın doğurduğu fəsadlar və cəmiyyətə vurduğu ziyan mühüm və aktual problemlərdən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Bildirilib ki, erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır. Erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkili, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, onlara milli və mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.

