Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.01.2022 / Xəbərlər

Respublikamızda anım tədbirləri keçirilib

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar respublikamızda anım tədbirləri keçirilib.

Gəncə şəhərində və Goranboy rayonunda keçirilən tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, din xadimləri, dini konfessiya nümayəndələri, icra hakimiyyətlərinin, yerli idarələrin məsul şəxsləri iştirak ediblər.

Lənkəran rayonunda da Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Rayonun Bağıroba məscidində, eləcə də Şəhidlər Xiyabanında baş tutan anım mərasimlərində Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları və din xadimləri iştirak ediblər.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayandələri, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları, müharibə veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və rayon sakinlərinin iştirakı ilə Ağcabədi rayonunda da anım mərasimi keçirilib.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli və şöbənin əməkdaşları, din xadimləri, eləcə də Komitənin Quba bölgəsi üzrə şöbəsinin rəhbərliyi, əməkdaşları, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərin xatirəsi anılıb.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, Zərdab Heydər Əliyev Mərkəzinin müdiri Könül Rəhimova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Ləman Səfərəliyeva, Gənclərin inkişaf və karyera mərkəzinin rayon üzrə nümayəndəliyinin direktoru Vüsal Yusifov, müəllimlər və şagirdlərin iştirakı ilə Zərdabda da anım tədbiri keçirilib.

Anım mərasimlərində qeyd olunub ki, 20 Yanvar hadisələri zamanı 147 nəfər qətlə yetirilib, onlarla insan isə ağır yaralanıb. Vurğulanıb ki, Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilib və nəticədə qırğınlar törədilib.