Rəqəmsal cəmiyyət və dini fəaliyyət
İnformasiya texnologiyalarının sürətli inkişafı ictimai həyatın bütün sahələrinə ciddi təsir göstərir. Qabaqcıl təcrübələrə əsaslanan keyfiyyətli və təhlükəsiz rəqəmsallaşma, bu istiqamətdə informasiya resurslarından səmərəli istifadə innovasiyaların tətbiqində aparıcı yer tutur. Cəmiyyətin bütün sahələrində olduğu kimi, dini münasibətlər sferasına da rəqəmsallaşmanın təsirinin araşdırılması və öyrənilməsi aktuallıq kəsb edir. Bu məsələ ilə bağlı elmi tədqiqatçılar, din xadimləri və başqalarının iştirakı ilə geniş müzakirələr aparılır. Hazırda dünyada “rəqəmsal din” anlayışı geniş yayılmışdır. Son illər elmi nəşrlərdə “rəqəmsal din”, onun mahiyyəti, sosial fəlsəfi və sosioloji tərəflərinə dair araşdırmaların sayı çoxalmışdır. Mütəxəssislər rəqəmsal dinin virtual məkanla dini praktikanı birləşdirən körpü olduğunu bildirirlər.
Qeyd edək ki, 1980-ci illərdən etibarən, əsasən Qərb ölkələrində dinlə internet arasında təmas artmağa başlayır və onlayn qruplar, forumlar çərçivəsində dini müzakirələr aparılır. İnternetin vizual imkanlarının genişlənməsi (interaktiv elementlər, podkastlar, audio və videolar) nəticəsində dini saytların sayı çoxalır. 1990-cı ilin əvvəllərindən isə dini sahəyə dair rəqəmsal xidmətlərdən digər dünya dövlətlərində də istifadə olunur. Dini sahə ilə bağlı internet resurslarında ilk dövrlərdə əsasən dini mətnlərin yerləşdirilməsi üstünlük təşkil edirdi. Sonralar internetin funksional imkanlarının daha da genişlənməsi dini ayinlərin onlayn formatda həyata keçirilməsinə gətirib çıxardı. 2000-ci illərdən başlayaraq, internet istifadəçilərinin onlayn dinə tələbatı getdikcə artdı. İnternet dini tələbatların yerinə yetirilməsi və dini təbliğat üçün əlverişli platforma kimi çıxış etməyə başladı. Əgər, əvvəllər dini ayinlərin onlayn icrasına qeyri-ciddi şəkildə yanaşılırdısa, sonralar buna rəqəmsallaşmanın təzahür formalarından biri kimi baxıldı.
Rəqəmsal cəmiyyət dinə dair informasiya mübadiləsinin dinamikliyi və dini onlayn mühitin özünəməxsus cəhətləri ilə səciyyələnir. İnternet şəbəkəsində informasiyaya əlçatanlıq tez bir vaxtda təmin olunur. Rəqəmsal formatda informasiya proseslərinin dinamikliyi dini konfessiyalar arasındakı münasibətlərə keyfiyyətcə yeni xüsusiyyətlər gətirir.
İnternet dinlərarası dialoqun genişlənməsini sürətləndirməklə yanaşı, dini şüurun konstruktiv istiqamətdə formalaşmasına mənfi təsir göstərən, dini kimliklə uzlaşmayan meyillərin də yaranmasına səbəb olur. Ona görə də dini sahəyə təhdidlərin qarşısının alınması üçün informasiya təhlükəsizliyinin təmin olunması vacib məsələlərdən biridir. Dini konfessiyalar internetdən istifadə etməklə mənsub olduqları dini və onun müqəddəs kitablarını təbliğ edir, dini ayinlər keçirir və s.Din xadimlərinin əksəriyyəti internetə dini fəaliyyəti təmin edən əhəmiyyətli məkan, bəşər sivilizasiyasının mənəvi dünyasını əks etdirən vasitələrdən biri kimi baxırlar.
Burada bir məqamı da qeyd etməliyik ki, vicdan və dini etiqad azadlığından internetdə bəzən sui-istifadə edilir. Dini ekstremist qruplar internet şəbəkəsində dini düşmənçilik, radikalizm və fanatizm zəminində qarşıdurmalar yaratmağa cəhd göstərir. Dini ekstremizm nəinki regional, həm də beynəlxalq səviyyədə dini təhlükəsizlik üçün təhdidlər yaradır. Bəzi hallarda internet resursları dini ekstremist xarakterli haker hücumlarına məruz qalır. Buna görə də internet şəbəkəsində dini təfriqə yaradan materialların yayılmasının qarşısının alınması və kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə daha səmərəli vasitələrin tətbiqi vacibdir.
Qloballaşma dövründə rəqəmsallaşmadan irəli gələn çağırışlar dini fəaliyyət sahəsinə mühüm təsir göstərir. Sosial şəbəkələr və messencerlər kimi onlayn platformalarda dini inanclar haqqında məlumatlar verilir, dini məsələlər müzakirə olunur. Dini qurumlar tərəfindən elektron media, informasiya-analitik portallar, internet-nəşrlər və veb-saytları yaradılır.
Azərbaycanda fəaliyyət göstərən dini qurumların əksəriyyəti internet şəbəkəsindən fəal şəkildə istifadə edir. Məlumdur ki, son illər COVID-19 pandemiyasının yayılması dünya dövlətlərində olduğu kimi, ölkəmizdə də dini sahədə karantin rejiminin tələblərindən irəli gələrək müəyyən məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olmuşdur. Bu isə dini konfessiyaların sosial şəbəkələrdə (Facebook, Instagram və s.) və messencerlərdə (Viber, Whatsapp, Telegram), onlayn tanışlıq və şəbəkə proqramlarında (Tinder və s.) fəaliyyətini gücləndirmişdir. Smartfonların və mobil internetin inkişafı elə yüksək səviyyəyə çatmışdır ki, istənilən şəxs “Google Play”, Windows Phone Store”, “iTunes” və digər resurslardan dini xarakterli mobil tətbiqləri yükləyə bilir. Müşahidələr və təhlillər göstərir ki, virtual ünsiyyət nəinki gənclər, həm də orta və yaşlı nəsil arasında geniş yayılmışdır. Təbii ki, bu, bir tərəfdən pandemiya ilə əlaqədardırsa, digər tərəfdən virtual məkanda sürətli kommunikasiya, istənilən dini məlumatın asanlıqla əldə edilməsi ilə bağlıdır.
Dini qurumların nümayəndələri internetə müasir yayım vasitəsi kimi baxır və dini təcrübəni bölüşmək üçün onun əlverişli məkan olduğunu bildirirlər. Dini saytlarda dinlər haqqında məlumatlar, dini məsələlərə dair sual-cavablar və s. öz əksini tapır. Din xadimləri internet vasitəsilə istifadəçilərin suallarını cavablandırır, müqəddəs bayramlar və mərasimlər haqqında məlumatlar verirlər. Saytlara daxil olan istənilən şəxs maraqlandığı dini qurumun fəaliyyəti haqqında məlumatlar əldə edə bilər.
Dinin rəqəmsallaşmasını şərtləndirən vacib faktorlar içərisində cəmiyyətin müasir inkişaf səviyyəsindən irəli gələn çağırışlar mühüm yer tutur. Fərqli dini etiqadların yayılmasında və dinlərarası dialoqun genişlənməsində internetin rolu getdikcə artır. Qeyd edək ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri mənsub olduqları dinlərin təbliği məqsədilə internetin imkanlardan geniş şəkildə istifadə edirlər. Hər kəs internet vasitəsilə maraqlandığı dinin əsasları ilə tanış ola, müqəddəs dini kitabları oxuya, dini ibadət yerlərinə virtual ekskursiya edə bilər.
Azərbaycanda rəqəmsal cəmiyyətin inkişafı istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır. Dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin həyata keçirilməsində rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi bu siyasətin əsas istiqamətlərindəndir. “Açıq hökumət”in təşviqi internet istifadəçilərinin sayını artırır, ictimai əhəmiyyət daşıyan məlumatların açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart 2018-ci il tarixli Fərmanı və “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi” haqqında 27 aprel 2021-ci il Fərmanı rəqəmsal cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də Azərbaycan Respublikası Prezidentinin fərmanlarından və Nazirlər Kabinetinin qərarlarından irəli gələrək, elektron xidmətə keçid sahəsində üzərinə düşən vəzifələri yerinə yetirir. Məsələn, “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanından irəli gələrək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi idarələrarası elektron sənəd dövriyyəsi sisteminə qoşulmuşdur. "Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət xidmətlərinin Elektron Reyestri yaradılmışdır. Bu reyestrdə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu; dini ibadət yerlərinin tikintisinin və yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verilməsi; dini mərkəzlər və idarələr, dini-təhsil müəssisələrinin dövlət qeydiyyatı; dini tədris müəssisələrinin fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün rəy bildirilməsi; dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu; dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu; Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi və s. öz əksini tapır. Bütün bunlar sübut edir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətində müasir dövrün çağırışlarını nəzərə alır və dini sahə ilə bağlı rəqəmsal xidmətlərin inkişafına böyük əhəmiyyət verir.
Yuxarıda göstərilənlərin ümumiləşdirilməsindən aydın olur ki, rəqəmsal cəmiyyət müasir informasiya texnologiyalarının tətbiqi və istifadəsi, ictimai münasibətlərin virtual məkanda öz əksini tapması ilə səciyyələnir. Rəqəmsal texnologiyalar iş prosesində operativliyin artırılmasını və qarşıda dayanan vəzifələrin daha səmərəli, çevik vasitələrlə yerinə yetirilməsini şərtləndirir. İnternet həm də dini tələbatları təmin edən rəqəmsal məkan kimi geniş auditoriyaya malikdir. Dini qurumlar öz fəaliyyətlərində internetin imkanlarından istifadə edirlər. Təəssüf ki, bəzən vicdan və dini etiqad azadlığından sui-istifadə olunaraq sosial şəbəkələrdə dini ekstremizmə rəvac verən radikal baxışlar təbliğ edilir. Buna görə də internetdə dini sahə ilə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi vacib məsələlərdən biridir.
Vüqar Səlimov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Ümumi şöbəsinin müdiri vəzifəsini icra edən,
fəlsəfə üzrə fəlsəfə doktoru