Qusarda “İnsan Hüquqları Aylığı” çərçivəsində görüş keçirilib
İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Dövlət Təhlükəsizlik Xidmətinin Qusar rayon şöbəsi, Rayon İcra Hakimiyyəti, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi, Qusar Rayon Gənclər və İdman İdarəsi və Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "İnsan hüquq və azadlıqlarına hörmət hüquqi, mənəvi borcumuzdur" adlı tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların rəhbərləri, əməkdaşları, rayonda yaşayan gənclər, ağsaqqallar və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ən yüksək səviyyədə dövlət tərəfindən təmin olunur. Azərbaycan Respublikasının Konstitusiyasının əsasını da insan hüquq və azadlıqları təşkil edir. Vurğulanıb ki, Azərbaycan xalqı tarixən insan haqlarına, gender məsələlərinə öndə duran xalqlardan olub və bu gün də həmin adət-ənənə yeni nəsillər tərəfindən davam etdirilir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.




