Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.12.2021 / Xəbərlər

Qubada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub

Dekabrın 9-da Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şimal bölgəsində fəaliyyət göstərən qazılıqlarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub.

Anım tədbirində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, bölgənin din xadimləri və dindarlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərində ucaldılmış heykəlinin qarşısına gül dəstələri qoyulub, din xadimləri Qurani-Kərimdən surələr oxuyub. Daha sonra Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə iştirakçıların ekskursiyası təşkil olunub, iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillərlə, videomateriallarla tanış olub.

Çıxışlar zamanı Ulu Öndərin şərəfli həyat yolundan və fəaliyyətindən bəhs olunub. Bildirilib ki, 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, Ümummilli Liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. O da qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.