Qubada “Qızların təhsil almasının önəmi” mövzusunda tədbir keçirilib
Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Quba rayonu Xucbala kəndində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” adlı seminar keçirilib.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov, Xucbala kənd inzibati ərazi dairəsinə daxil olan Xucbala, Digah, Aşağı Xuc və Çartəpə kəndlərində fəaliyyət göstərən din xadimləri, valideyinlər və təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.
Seminarda qızların təhsilli olmasının vacibliyi vurğulanaraq Azərbaycan dövlətinin gender bərabərliyinin qorunmasında, qızların yüksək təhsil alaraq müxtəlif vəzifələrdə çalışmasında xüsusi plan və proqramlarının mahiyyəti diqqətə çatdırılıb.

