Qubada keçirilən konfrans işini yekunlaşdırıb
Mayın 19-da Qubada keçirilən “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfrans işini panel sessiyalarla davam etdirib.
Konfransın “Sosial media və din” mövzusuna həsr olunan birinci panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov moderatorluq edib.
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov dinin rəqəmsal mühitdə transformasiyasından bəhs edərək bildirib ki, texnoloji inkişaf artıq dindarlığın mahiyyətini, dərkini və yaşanma formasını dəyişdirir. Müasir dövrdə internet və sosial media platformaları dini icmaların, ritualların və fərdi identikliyin yenidən qurulduğu əsas arenaya çevrilib. Beynəlxalq elmi nəzəriyyələrə istinad edən A.Qənbərov diqqətə çatdırıb ki, rəqəmsal mühit dini maarifləndirmə üçün geniş imkanlar yaratmaqla bərabər, həm də dini dezinformasiya və radikallaşma kimi ciddi risklər daşıyır.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov sosial şəbəkələrdə dini maarifləndirmə işinin aparılması prinsiplərini şərh edib. Deyib ki, müasir dövrdə sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də dünyagörüşünə təsir edən, yeni dəyərlər formalaşdıran virtual məkandır. Bu səbəbdən din xadimləri və ilahiyyatçılar sosial şəbəkələrdə fəaliyyətlərini düzgün qurmaq üçün özlərini mütəmadi inkişaf etdirməlidirlər. Məruzəçi vurğulayıb ki, düzgün başa düşüldükdə din cəmiyyətdə harmoniya yaradır, yanlış təqdimat isə parçalanmaya səbəb olur. Sosial şəbəkələrdə aparılan dini maarifləndirmə işi nsanları birləşdirməyə və mənəviyyatı gücləndirməyə xidmət etməlidir.
Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, Quba şəhəri “Ağ məscid” məscidinin imamı Anar Eyyubov müasir dövrdə sosial medianın dini sahədəki rolu, din xadimlərinin üzərinə düşən vəzifələr və mənəvi təhlükəsizlik məsələlərinə toxunub. Bildirib ki, cəmiyyətin, xüsusən də gənclərin dini məlumatları əsasən internet və sosial media platformalarından alması din xadimlərinin bu məkanda peşəkar fəaliyyət göstərməsini zərurətə çevirib. Natiq Azərbaycanın tarixən sahib olduğu tolerantlıq və multikulturalizm dəyərlərinin qorunmasında din xadimlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Konfransın Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyevin moderatorluğu ilə keçirilən ikinci panel sessiyası “Dini ekstremizmi doğuran səbəblər və həll yolları” mövzusuna həsr edilib.
Paneldə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov qloballaşma dövründə rəqəmsal platformaların milli, mədəni və dini kimliyə təsiri məsələlərini elmi-fəlsəfi kontekstdə təhlil edib. O bildirib ki, sosial mediadakı süni gündəmlərə və qeyri-sağlam dini təbliği meyillərə qarşı yalnız elmi faktlara əsaslanmaqla effektiv mübarizə aparmaq olar.
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov çıxışında radikal dini təfəkkürün formalaşma mexanizmləri, xarici ideoloji təsirlər və bu təhdidlərə qarşı cəmiyyətdə mənəvi immunitetin gücləndirilməsi yolları barədə danışıb. Qeyd edib ki, gənc nəslə erkən yaşlardan sağlam həyat məqsədləri, vətənpərvərlik ruhu və milli-mənəvi dəyərlər aşılanmalıdır. Öz dövlətinə, xalqına və mədəniyyətinə daxilən bağlı olan fərdlər yad təfəkkür formalarına qarşı daha dayanıqlı mənəvi sipər formalaşdırırlar.
Siyəzən şəhəri “Cümə” məscidinin imamı İmran Xudaverdili cəmiyyəti təhdid edən dini ekstremizm və radikalizmin mahiyyəti, bu zərərli tendensiyaların yaranma səbəbləri və onlarla səmərəli mübarizənin önəminə toxunub. Bildirib ki, din xadimləri geniş dünyagörüşünə, teoloji savada və yüksək natiqlik bacarığına malik olmalıdırlar. Elmi faktlara söykənən və anlaşıqlı dildə aparılan dini təbliğat virtual mühitdəki zərərli meyillərin qarşısını ala biləcək ən önəmli faktordur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının, eləcə də hüquq mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.






















