Qubada “Dinlər və məzhəblərarası münasibətlər: tolerantlıq, dostluq və əməkdaşlıq” mövzusu müzakirə edilib
Aprelin 5-də Quba şəhər “Cümə” məscidində “Dinlər və məzhəblərarası münasibətlər: tolerantlıq, dostluq və əməkdaşlıq” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, Quba şəhəri “Cümə” məscidinin imam müavini Seyran Fərəczadə, dini icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanda tarixən bütün dinlərin nümayəndələri birlik, qardaşlıq və dostluq şəraitində yaşayıblar. Ayrı-ayrı dinlərə, məzhəblərə, hətta adət və ənənələrə mənsub olmalarına baxmayaraq, Azərbaycanda yaşayan xalqlar biri-birilərini bayramlarda, tarixi günlərdə yad edib, xeyir və şər məclislərində iştirak ediblər. Hazırda da ölkəmizdə dini zəmində heç bir problem yoxdur. Dövlətimiz və onun rəhbəri tərəfindən ölkədə tolerant mühitin qorunub saxlanılması istiqamətində lazımi tədbirlər həyata keçirilir.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat tədbir iştirakçılarına hədiyyə edilib.

