Qubada “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə edilib
İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Hacıhüseynli kəndində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, RİH başçısının Hacıhüseynli kəndi üzrə nümayəndəsi Valeh Əmrullayev, QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov, din xadimləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Vətən naminə” sənədli filmi nümayiş edilib.
Çıxışlarda dini radikalizm və ekstremizmin yaranmasının səbəbləri və ağır fəsadlarından bəhs olunub. Qeyd olunub ki, dini radikalizmlə mübarizə sahəsində gənclərin rolu danılmazdır. O da vurğulanıb ki, dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat gənclərə hədiyyə edilib.


