Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2026 / Xəbərlər

Qubada “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfrans keçirilir

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfrans öz işinə başlayıb.

Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Quba şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.  

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dini-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılıb və bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağda aparılan yenidənqurma işləri, işğaldan azad olunmuş ərazilərdə məscidlərin bərpası və yeni ibadət ocaqlarının inşası dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir. İlqar Mahmudov deyib ki, Quba rayonu tarixən tolerant mühiti ilə seçilib. Tədbirin Qubada keçirilməsi rayonda formalaşmış multikultural mühitinin göstəricisidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan özünün dövlətçilik ənənələri, tolerant mühiti və milli-mənəvi dəyərlərə malik inkişaf modeli ilə fərqlənir. Ölkəmizin təcrübəsi dini ekstremizmə qarşı mübarizədə nəzəri modellərin praktik sintezinə istinad edir. Preventiv, ideoloji, hüquqi və sosial tədbirlərin uzlaşdırılması sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasəti nəticəsində din ayırıcı deyil, birləşdirici amil kimi çıxış edir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ramin Məmmədov vurğulayıb ki, dinin ictimai münasibətlər sistemindəki yerinə iki aspektdən - insan azadlıqları və cəmiyyətin ümumi maraqları baxımından yanaşılmalıdır. Fundamental insan hüquqlarından biri olan vicdan azadlığı ilə ictimai mənafelər arasında balansın qorunması mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, dini etiqad azadlığı heç bir halda milli təhlükəsizliyi zədələyən amilə çevrilməməlidir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailov bildirib ki, müasir dövrdə dini radikalizm və ekstremizm beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidlərdən biridir. Onun sözlərinə görə, bəzi qüvvələr dini siyasi məqsədlər üçün alətə çevirərək nifrət, zorakılıq və ayrı-seçkilik yaymağa çalışırlar. Halbuki bütün dinlər sülh, mərhəmət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Anatoliy Rafailov Azərbaycanda antisemitizm, dini ayrı-seçkilik və nifrət çağırışlarının olmadığını xüsusi vurğulayaraq, ölkənin dünyaya tolerantlığın real modelini təqdim etdiyini bildirib. Deputat Azərbaycanın beynəlxalq səviyyədə sülh, qarşılıqlı hörmət və sivilizasiyalararası dialoqu təşviq edən dövlət kimi çıxış etdiyini vurğulayıb və belə konfransların əməkdaşlığın genişlənməsinə, dini ekstremizmə qarşı birgə mübarizəyə töhfə verəcəyini qeyd edib.

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə çıxışında Azərbaycanın multikulturalizm siyasəti, dini ekstremizmə qarşı mübarizənin önəmi haqqında danışıb.  O, müstəqillik illərində ölkəmizin çətin, lakin uğurlu inkişaf yolu keçdiyi vurğulayaraq bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verir. Dini radikalizm və ekstremizmin dinin əsl mahiyyəti heç bir əlaqəsinin olmadığını diqqətə çatdıran millət vəkili bu problemin aradan qaldırılmasında düzgün təbliğatın vacibliyini də qeyd edib.

Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycandakı sabitliyin qorunması hər bir vətəndaşın əsas vəzifəsidir. Deputat vurğulayıb ki, radikalizm və ekstremizm meyilləri çox vaxt rəqəmsal platformalar və sosial şəbəkələr vasitəsilə yayılır. Bu təhlükələrin qarşısının alınmasında əsas istiqamətlərdən biri maarifləndirmə işinin gücləndirilməsidir. Ölkəmizdə yeni dövrün tələblərinə uyğun savadlı və dünyagörüşlü gənc din xadimlərinin yetişdirildiyini deyən Müşfiq Məmmədli diqqətə çatdırıb ki, müxtəlif regionlarda baş verən qarşıdurmalar fonunda Azərbaycanda sabitlik və tolerant mühit qorunub saxlanılır.

Regional konfrans işini panel iclasları ilə davam etdirir.