Qazax rayonunda hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sərhəd Qoşunlarının Qazax rayonunda yerləşən hərbi hissəsində “Dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, hərbi hissənin şəxsi heyət üzrə şöbəsinin rəisi vəzifəsini icra edən Elçin Qurbanov, zabit, gizir heyəti və əsgərlər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev bu gün Azərbaycan dövlətinin tarixində ən şanlı tarixini yaşadığını və bu tarixi qələbənin Ali Baş Komandan İlham Əliyevin müdrikliyinin və uzaqgörənliyinin hesabına mümkün olduğunu qeyd edib.
Tədbirdə çıxış edənlər bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində görülən işlərdən danışıblar. Eyni zamanda, dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsirindən bəhs olunub.