Qaxda “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda seminar keçirilib
Noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax Peşə Liseyində “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax Peşə Liseyinin direktor müavini Cəriyət Dəmirçiyeva, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov, rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli, müəllimlər, yuxarı sinif şagirdləri, Qax Peşə Liseyinin məzunu olmuş şəhidlərin ailə üzvləri və qazilər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, Azərbaycan xalqı hər zaman gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıbdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə inam hissini gücləndirir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda DQİDK tərəfindən nəşr olunmuş maarifləndirici ədəbiyyat iştirakçılara təqdim olunub.