Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.12.2021 / Xəbərlər

Qaxda “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi psixoloji aspektləri” adlı seminar-müşavirə baş tutub

Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər E.Babayev adına 4 saylı tam orta məktəbində “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi psixoloji aspektləri” adlı seminar-müşavirə keçirilib. Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı  Tərlan Nəzərov,   Qax Rayon Qeydiyyat Şöbəsinin rəisi Kəmalə Şükürova, Qax RTŞ-nin metodisti Vüsalə Vəzirli  və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı uşaqların  humanist, milli-mənəvi dəyərlər  ruhunda tərbiyəsinin önəmi vurğulanıb, zərərli vərdişlərdən uzaq, zorakılığa və ya istismara məruz qalmadan,  yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib bir fərd kimi formalaşmasında onlara göstərilən diqqət və qayğının önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dini fanatizm  və radikalizmin humanizmə, milli-mənəvi dəyərlərimizə  vurduğu zərərlər barəsində danışılıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və DQİDK tərəfindən nəşr olunmuş maarifləndirici ədəbiyyat yuxarı sinif şagirdlərinə paylanılıb.