Qaxda narkomaniya ilə mübarizə istiqamətində tədbir keçirilib
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində “Narkomaniya ilə mübarizə istiqamətində din xadimlərinin müxtəlif platformalarda söhbət və çıxışlarının təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə DQİDK əməkdaşı Tərlan Nəzərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax rayon nümayəndəliyinin direktoru Elmir Həşimli, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətlı nümayəndəsi Hacı Əsgərov və rayon gəncləri iştirak ediblər.
Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar, narkomaniya ilə mübarizə istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər haqqında danışılıb, bu sahədə faəliyyətin təkmilləşdirilməsi üçün mövcud qanunvericilik bazası haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkə başçısı cənab İham Əliyevin 22 iyul 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilən “Narkomanlığa qarşı mübarizəyə dair “2019–2024-cü illər üçün Dövlət Proqramı”” bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində əsas rolu oynayır.
O da qeyd edilib ki, zərərli vərdişlərdən uzaq, təhsil yönümlü, savadlı, uğurlu və sağlam gəncliyin formalaşdırılması dövlətimizin prioritet fəaliyyət istiqamətlərindən biridir. Narkotik vasitələrin, prekursorların, psixotrop maddələrin və digər zərərli vərdişlərin cəmiyyət arasında geniş vüsat almasının qarşısının alınması üçün profilaktik və qabaqlayıcı tədbirlər həyata keçirilməli, yeniyetmələrə və gənclərə milli-mənəvi aşılanmalı, dövlət orqanları və digər qurumlar tərəfindən təhsil müəssisələrində, peşə liseylərində, orta-ixtisas və ali məktəblərdə gənclərlə mütəmadi görüşlər keçirilərək onlarla maarifləndirici və mənəvi-əxlaqi söhbətlər aparılmalıdır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

