Qaxda maarifləndirmə tədbiri keçirilib
Aprel ayının 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu” mövzusunda konfrans keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman idarəsinin rəis müavini Elvin Həsilov, rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin nümayəndəsi Ofelya Arabova, rayon gəncləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, Azərbaycan fərqli dini konfessiyaların əsrlərlə birgə yaşadığı bir ölkədir. O da vurğulanıb ki, milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu böyükdür.
Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap olunmuş kitablar hədiyyə edilib.