Qaradağ rayonunda yerləşən hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib
İyul ayının 22-də Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən N saylı hərbi hissədə Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslamda insan həyatının dəyəri” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxış edərək, milli-mənəvi dəyərlərimizin Vətənə bağlılıq və sədaqət, eləcə də təcavüzkarlara qarşı mübarizədə böyük potensiala malik olduğunu bildirib. Milli dövlətçiliyimizin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolunu vurğulayan natiq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasının da əhəmiyyətindən bəhs edib.
İlahiyyatçı Ağa Hacıbəyli İslamın Vətən sevgisi, şəhadət, qazilik kimi məfhumlara münasibətindən danışaraq hərbçilərin döyüş ruhunun qaldırılmasında, onlarda çətinliklərə qarşı dözüm və səbrin formalaşmasında mənəvi dəyərlərimizin əhəmiyyətini vurğulayıb. İslamın insan həyatına böyük dəyər verdiyini, zərərli vərdişlərin insan həyatına təhlükə törətdiyini, eyni zamanda özünəqəsd hallarının böyük günahlardan hesab edildiyini diqqətə çatdırıb. Mövzu ilə bağlı ayə və hədislərə istinad edilib, şəhid və qazilərə dərin ehtiram ifadə olunub.
Tədbir mövzu ilə bağlı qaldırılan suallar ətrafında müzakirələrlə yekunlaşıb.