Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.08.2023 / Xəbərlər

Prezident İlham Əliyev: "Yüz minlərlə azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib"

“Müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”. Bu fikirləri Prezident İlham Əliyev “Europosts” televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar: “Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.Beləliklə, erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımız bir vaxtda? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm.Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil”.

Azərbaycan Prezidenti vurğulayıb ki, onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır: “Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur”.