Prezident İlham Əliyev: "İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq"
“Bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyənin Azərbaycana göstərdiyi dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir: “Biz Azərbaycanda həqiqətən tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq. Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və əminəm ki, daha da artacaq. Düzdür, hədəf çox, yəni yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötübdür, yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır. Ona görə əminəm ki, biz buna da uğurla çatacağıq.”
(AZƏRTAC)