Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.11.2023 / Xəbərlər

Prezident İlham Əliyev: "Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır"

"1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi. Beləliklə, qeyd etdiyim kimi, bu, ərazimizin təqribən 20 faizini təşkil edirdi və uzun illər ərzində onlara məxsus olmayan ərazini geri qaytarmaqdan imtina edirdi." Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi: "Biz ümid edirdik ki, bundan sonra Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. Biz demək olar ki, 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu, qəbuledilməzdir, biz hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik. Qeyd etdiyim kimi, işğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Əfsuslar ki, onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu"

Prezident İlham Əliyev onu da vurğulayıb ki, bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. "Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır. Bunun nəticəsində Dağlıq Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Onun qeyri-qanuni olmasına baxmayaraq, onlar özləri “dağlıq qarabağ respublikası” adlandırdıqları bu qeyri-qanuni qurumu buraxdılar. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır."-, deyə dövlət başçısı əlavə edib.


(AZƏRTAC)