Prezident İlham Əliyev: "Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk"
“Bu gün isə artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir”. Bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlət başçısı deyib ki, çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi: “Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi”.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk. “Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq”-, deyə dövlət başçısı əlavə edib.
(AzərTAC)