Prezident İlham Əliyev: “Azərbaycanda yaşayan bütün xalqların qanı, canı bahasına biz bu gün burada - Şuşanın mərkəzində dayanmışıq”
“Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan demokratik ölkədir. Azərbaycanda insanlar azad yaşayırlar. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu da dünyada bir nümunədir və bunu təkcə mən yox, bir çoxları, yəni, bu məsələ ilə yaxından məşğul olan ekspertlər, siyasətçilər, dövlət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri qeyd edirlər. Bu unikal ab-hava bu gün ölkəmizi gücləndirir.”
Bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.
“Bax, bu gün durduğum Şuşa şəhərinin mərkəzində bunu bir daha demək istəyirəm ki, Azərbaycanda yaşayan bütün xalqların qanı, canı bahasına biz bu gün burada dayanmışıq. Bu, böyük sərvətdir. Amma elə ölkələr var ki, orada milli, dini zəmində qarşıdurmalar baş verir, toqquşmalar baş verir. Elə ölkələr var ki, orada heç bir başqa xalqın nümayəndəsi yaşaya bilmir, elə Ermənistanı misal göstərək. Əhalisinin 99,9 faizi ermənilərdən ibarət Ermənistan bax, bu rəqəmlə faktiki olaraq öz faşist siyasətini göstərir. Ancaq vaxt var idi indiki Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi. İndi Avropanın bəzi ölkələrində, Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir, qanunlar qəbul edilir, dinimizə qarşı çirkin əməllər törədilir, “Qurani-Kərim” yandırılır və buna da biganə yanaşırlar. Yəni, mən bu sözləri söyləməklə bir daha demək istəyirəm ki, bizdə mövcud olan ab-hava unikaldır. Bu, bizim həyat tərzimizdir və eyni zamanda, bu, bizim siyasətimizdir, bu, bizim gücümüzdür. Bu gün belədir, bundan sonra da belə olacaq. Ancaq belə olan halda, biz bundan sonra da rahat yaşaya bilərik, öz gələcəyimizi özümüz qura bilərik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev qeyd edib ki, Ulu Öndərin yolu ilə gedərək istənilən sahədə inkişafdan, uğurlardan bəhs etmək olar.
Prezident deyib: “Əlbəttə ki, bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!”
AZƏRTAC