Polşalı qonaqlar bölgələrdəki dini ibadətgahlarla tanış olublar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və “Həyat sözü” Xristian dini icmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Keşişlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı, Qəbələ və Şəki rayonlarına səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti respublikamızın ərazisindəki ən qədim məscid olan Şamaxı şəhər “Cümə” məscidini ziyarət edib. Ziyarət zamanı Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov qonaqları salamlayaraq, rayonun tolerantlığı, tarixi, mədəniyyəti, o cümlədən, dini və tarixi abidələri barədə ətraflı məlumat verib. Daha sonra QMİ-nin bölgə qazisi, şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev məscidin fəaliyyəti və tarixi barədə qonaqları məlumatlandırıb. Ardınca nümayəndə heyəti Şaxəndan türbəsi ilə tanış olub.
Varşava Böyük Keşişlər Seminariyasının rektoru, nümayəndə heyətinin rəhbəri Voyçex Bartkoviç nümayəndə heyəti adından RİH başçısı Tahir Məmmədova təşəkkür edib və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Daha sonra qonaqlar Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ilə görüşüblər. Görüş zamanı bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında Ermənistan tərəfindən vandalizm aktı törədilib, Azərbaycanın mədəni-dini irsi yerlə-yeksan edilib və ya dəyişdirilib - məscidlər, ziyarətgahlar, kilsələr, qəbiristanlıqlar dağıdılıb, heyvan saxlanılan tövlə halına salınıb, həmçinin tarixi Qafqaz Albaniyasına aid abidələrin daxili, xarici görkəmləri dəyişdirilərək qriqoryanlaşdırılıb.
Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban və Müqəddəs Yelisey adına Cotari kilsələri, eləcə Şəkiyə səfərləri zamanı Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanışlıq qonaqlarda zəngin təəssüratlar yaradıb.
Gəncə və Göygölə şəhərlərinə səfər çərçivəsində Varşava Böyük Kahinlər Seminariyasının nümayəndələri Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinə baş çəkib, vaxtı ilə xristian dini məbədi kimi fəaliyyət göstrəmiş Gəncə Dövlət Kukla Teatrının binası, Müqəddəs İohann lüteran kilsəsi və şəhərlərin bir sıra digər mədəni və tarixi əhəmiyyətli binaları ilə tanış olublar.







